Naxçıvanda məktəblilər arasında debat çempionatı keçiriləcək

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında debat çempionatının keçirilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Naxçıvan Regional Debat Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılacaq çempionatın mövzusu “Şəhər infrastrukturunun idarə olunmasında süni intellekt insan qərarlarından daha effektivdirmi?” olacaq.
30 oktyabr – 30 noyabr tarixlərini əhatə edəcək layihədə Naxçıvan şəhərindəki 20 ümumtəhsil məktəbindən şagirdlərin iştirakı planlaşdırılır.
Çempionat çərçivəsində iştirakçılar üçün debat, araşdırma, arqumentlərin hazırlanması və ictimai çıxış bacarıqlarına dair təlimlər təşkil ediləcək. Məktəbdaxili seçimlərdən sonra məktəblərarası qrup mərhələsi və pley-off oyunları keçiriləcək.
Layihənin əsas məqsədi şagirdlərin şəhərsalma və süni intellekt sahəsində məlumatlılığını artırmaq, tənqidi və analitik düşünmə, faktlara əsaslanaraq fikir yürütmə və komanda işi bacarıqlarını inkişaf etdirməkdir.